solda qlamur, sağda səmimi insan obrazı |
Çoxdandır ki, bu
mövzuda yazmaq üçün birinin məni təhrik etməsini gözləyirdim. Öncədən deyim ki,
yazının marketinqlə əlaqəsi yoxdur, bu sadəcə Marketer Məhərrəmin dostumuz
Namiq Bayramov demiş ÇTN (Çevrə Təhlil Nəzəriyyəsi) aspektindən baxış
bucağıdır. Yazını yazmaqda təhrikedici qüvvəm isə Sizə də yad olmayan çox hörmətli
Teymur Paşamdır. Siz onu əvvəlki yazımdan
daha yaxşı tanıyırsınız. Bu dəfə getdikcə zamanın tələbindənmi yə nədənsə
get-gedə qlamurlaşan, qlamurlaşdıqca da yadlaşan, başqalaşan, “teymurlaşan”
adamlardan yazacam. Xahiş edirəm heç kim üzərinə götürməsin, kimsə özünü görsə,
bu mənim məsuliyyət dairəmdən kənar olan işdir.
Mətləbə keçməmişdən öncə
deyim ki, xarakterimdə belə bir kompleks var ki, hamı eyni zaman kəsiyində eyni
şeyi görəndə, edəndə mən təkrarlamağı qətiyyən sevmirəm. Məsələn, özümə söz
vermişəm ki, Şahdağda və Eyfel qülləsinin önündə şəklim olmayacaq. Məsələn, heç
vaxt hansısa kinoya premyera vaxtında, hamının baxdığı vaxtda baxmağı
xoşlamıram, çox sonra baxıram, eynilə də hansısa kitab “bestseller” deyə çıxan ərəfədə
oxumuram. Açığını desəm həmin kütlənin özünü kütlə kimi apararaq qeyri-səmimi və
obyektiv olmaması məni itələyir. Onlardan biri də hamının uzun müddətdir “Oşo-Oşo”
tutdurduğu müəllif haqqındadır. Hətta hamımızın hörmət etdiyi paşamız da mənə və
CNN-ə olan müsahibəsində fikirlərinin formalaşmasında Oşo-nun təsirinin
olduğunu demişdi, daha bir neçə nəfər də məsləhət görmüşdü, amma oxumurdum. Bu
gün Oşo-nun “Tale, azadlıq və ruh” adlı təxmini 230 səhifəlik kitabını elə 1
gündəcə oxuyub bitirdim. Ömrümdə ilk dəfə Malcolm Gladwell-in kitabına
itirdiyim vaxta görə təəssüflənmişdim, ikinci isə yəqin ki, bu kitab olacaq. Əgər
bu kitabı oxuyub Oşo-ya 1 qısa cümlə ilə nə demək istərdiniz desəniz “Niyə
ölmürsən?” deyərdim üzünə. Maksimum diqqətlə oxuyub az-maz faydalı hesab
etdiyim hissələrini də qeyd etməyi unutmamışam. Aşağıda onları da paylaşacam. Bütün
bunların fonunda son zamanlar bəzilərimizdə dəb halını alan süni qlamurlaşma
(elmi adı “teymurlaşma” red:R.H) dalğasının da sanki səbəblərini başa düşməyə
başladım.
Ramiz Rövşənin təbirincə
desək, “qlamurlar bir olmur, atam balası, sünisi var, doğrusu var. Amma hər
qlamurun şəkil çəkdirməkçün liftə ehtiyacı var” :) Həqiqətən
də fərqli növdə qlamurlarla üz-üzəyik. Lüks brendlər haqqında bloq yazımın
birində qeyd etmişdim ki, lüks anlayışı 3 mərhələdən keçib. Birincisi klassik
lüks, ikinci modern, üçüncü isə medianın lüks etdiyi brendlər. Qlamurlaşmanı da
məhz bu 3 mərhələyə bölmək olar. Bizdə sadəcə çoxusu medianın lüks etdiyi yox,
media üçün (daha doğrusu öz və ya uzaq ətrafları üçün) bu rolu oynayanlardır. Yəni
istəyərək, qəlbən inanaraq deyil, sadəcə göstərmək üçün. Burada qlamur sözünün
həqiqi, süni olmayan mənası ilə heç bir işim yoxdur. Belə adamlar necə olur?
Belələrini tanımaq məsələn çox asandır. Yaxşı ki, ölkədə bir neçə cinema eyni
vaxtda açıldı və normal xidmət göstərməyə başladı. Yeni filmlər dünyayla eyni
vaxtda bizdə də göstərildi. Ümumiyyətlə yaxşı ki, facebook yarandı. Yoxsa, hansısa
əsərin kitabını oxumayıb biznes məqsədli, çox satılması, çox baxılması üçün çəkilmiş
kinolarını kim izləyərdi? Kim onları izləyəndən sonra “inanılmaz təsirləndiyini”
yazsın axı. Ömründə 4-5 kitab oxumayıb ancaq kinosu çıxanda baxan, özü də hamı
baxanda baxan minlərlə adam var. Özü də belələri ali təhsilli ətraflarına
ziyalı obrazı mesajını verənlərdir. Onlar facebookda onun-bunun statuslarında
hansısa klassik şairin 2 beytlik misralarını paylaşmağı çox sevirlər. Soruşsan
o şair, yazıçı haqqında ümumiyyətlə məlumatı yoxdur. Sosial şəbəkələrdən
iddialı mesajlar verir, çağırışlar edirlər. Bir sözlə üzdə azadlıq çarcısı,
azad həyat, azad seçim, mentalitetə qarşı təkcə fikirdə deyil, əməldə də qarşı
çıxdığını göstərir, kimlərisə qınayırlar. Amma çox yox, azca həmin insanları
tanıdıqda görürsən ki, məsələ, özünə gələndə konservativdən daha konservativ ola
bilir. Bir sözlə, bu cür qlamurlar heç nəyə pis baxmırlar, amma başqalarında :)
Ateistlər ateistliklərini niyə reklam edirlər?
Gələk bizim “Oşo”ya. Oşo-nu adətən ateistlər daha çox sevir, çünki onlar dinin pis tərəflərini
görüb onda yaxşı heç nə olmadığını düşünürlər və bu üzdən bir çox həqiqətləri
başqa yerdə axtarırlar. Halbuki, Oşo deyən şeylər yeni deyil, ümumiyyətlə bir
şey deyil. Hər dini kitab bunlardan bəhs edir. Hətta dini deyil, normal məntiq
insana dərk üçün imkanlar yaradır. İlkin müəllim demiş, inanın səmimiyyətimə
240 səhifədə normal 4-5 cümlə tapdım. Qalan nə varsa, hamısı tavtalogiyadan
başqa bir şey deyil. Sanki kitab boyu bir sual verir, sonra deyir ki, bu suala cavab axtarmayın, yaşayın görün axırı nə olacaq, alın yazısına zada da inanmayın. Ateizmi reklam və trend kimi istifadə edirlər. Bəli,
trend. Çünki sən tutalım ki, ateistsən, aydındır. Bunu daha niyə reklam edəsən
ki. Hələ belə qlamurların “həyatın mənası nədir” sualına verdikləri cavabları
oxuyasınız. Bütün qüsur və çatışmazlıqlarını bu suala cavabda gizlədirlər.
Sanki onlar bu işi belə edirlər ona görə ki, həyatın mənasını bunda görürlər.
Sonra yüz ildi eyni qalan sualları ordan-burdan tapıb yüksək arqument gətirirmiş
kimi cəmiyyətə təqdim edirlər. Mənim əziz qlamurlaşan, qlamurlaşdıqca da teymurlaşan
dostum, əgər Allah yoxdursa, niyə narahat olursan ki?!! Yoxdursa dediyin kimi
vecinə də alma heç nəyi, istədiyin kimi yaşa. Daha bu sualı hər dəfə verib, istədiyin
cavabı da almayanadək mübahisə etməyin nə mənası var. Mübahisə edirsənsə, demək
ki, qorxursan. İçində belə bir pıçıltı səni narahat edir “birdən olsa, nə olar
görəsən”. Qorxursansa, demək ki, buna səbəb verəcək əməlin var. Və bilirsən ki,
bu halda “əsas odu ürəyin təmiz olsun” misalı keçməyəcək ona görə? :)
Bu uşaq getdi kimə oxşadı?
Mən
ümumiyyətlə istənilən fikrə tolerant yanaşmağın tərəfdarıyam. Heç kim heç kimə
düzlüyünü sübut etməyə çalışmamalıdır. Yaşa və göstər. Bu qədər bəsit. Hamımızın qohum-qonşudan tez-tez eşitdiyi bir
ifadə var - “Bu uşaq getdi kimə oxşadı?”. Teymur paşa deyir ki, bu ifadəni adətən
analar ironiya kimi “getdi ata tərəfinə oxşadı” sözünün mədəni sinonimi kimi də
işlədirlər. Təhsil olduqca vacibdir, daxili tərbiyə çox mühümdür. Amma bu gün
ideoloji boşluqdan əziyyət çəkən gəncliyimiz çox tez və rahat şəkildə hansısa
dalğanın təsirinə düşür. Valideyn olaraq övladının tərbiyəsində yaxından
iştirak etməsən, onunla maraqlanmasan, vaxt keçirməsən, əlbəttə ki, “o uşaq öz ətrafına
oxşayacaq”, kimlə oturub-durursa, ona oxşayacaq. Stereotipləri ancaq və ancaq təhsillə
qırmaq mümkündür. Amma “akademik neytral” olan təhsillilərimizin də cəmiyyətimizə
heç bir faydası olmayacaq. Nə oluruqsa, özümüz olmalıyıq. Mən bu musiqini sevirəmsə,
onu paylaşaram da, qulaq da asaram. Yoxsa Bakıdan çıxana qədər bir musiqiyə,
Bakıdan çıxandan sonra başqa musiqiyə çevirməyə Sizi nə vadar edir? Və ya Sizə
özünüz kimi olmağa nə mane olur? Yenə deyirəm, həqiqətən istəyərək, inanaraq nəyisə
edənlərlə heç bir işim yoxdur.
İnsan var
olduğunu bilir, amma kim olduğunu bilmir.
İnsafən deməliyəm ki, bu kitabda yazılan bir-neçə
ifadə çox xoşuma gəldi. Həqiqətən də belədir. Kitabda həmçinin müəllif yazır
ki, var-dövlətdən daha yaxşı heç nə insana öz yoxsulluğunu göstərə bilməz. Gücdən
daha yaxşı heç nə insana öz gücsüzlüyünü göstərə bilməz. Pulu məqsəd etmək
lazım deyil, vasitə edin. Məqsəd olanda da əldə edəcəksiniz, amma əldə etdikdən
sonra nə edəcəyinizi bilməyəcəksiniz. Oxuyaraq biləcəksiniz, amma edərək öyrənəcəksiniz.
Bir daha qeyd edim ki, xatırlanmalı və dəyərli sözlərdir. Bu gün həmin
dırnaqarası qlamurların bir çoxu bu “varlıqda yoxluq” sindromunu yaşayırlar.
Etməyin, gözəl insanlar, dünya başqaları üçün yaşayacaq qədər uzun deyil axı...
Varlı ölkədə
əsl problem , ən böyük problem insanların darxımasıdır.
Digər xoşuma gələn fikri isə bu oldu: “Varlı ölkədə
əsl problem , ən böyük problem insanların darxıması idi. Bu indi Qərbdə baş
verir. Hər şeydən bezmək ən böyük problemə çevrilib. İnsanlar hər şeydən o qədər
bezirlər ki, ölmək istəyirlər. Kasıb ölkələr varlı ölkələrdən çox uşaq dünyaya
gətirilər, çünki seks tək əyləncələridir, o birilərinə isə imkanları və
vaxtları çatmır. Əgər kasıb ölkələrdə əhalinin sayını azaltmaq istəyirsənsə,
onlara daha çox əyləncə ver“ Fikirdə reallıq payı yüksəkdir. Oturub indiki mənzərəni
təhlil etsək, eynisini görərik. Əyləncə ilə başımızı qatırlar, hücum edirlər. Bu
yaxınlarda hardansa oxudum ki, qərbli super zənginlər üçün İraqda real döyüş səhnəsi
və adam öldürmə səhnələri ayarlayan işbazlar var. Onlar pul müqabilində varlı
insanlar üçün PS-dəki hansısa döyüş oyununu realda onlar üçün təşkil edirlər.
Bu elə Oşo-nun yuxarıda dediklərinin təsdiqidir. Bekarçılıqdan nədən həzz
alacaqlarını bilmirlər, artıq. Hətta maraqlıdır ki, bu cür qlamurlar lazım
olanda balaca pişiyin haqlarını qorumaq üçün aləmi dağıdır, amma bəzən də
hamının ondan fikir və münasibət gözlədiyi bir vaxtda hansısa özünə sərf edən səbəbdən
susur. Əsl faciə budur. Bu cür qlamurlar həm də öz bacarıqsızlıqlarını
yaradıcılıq pərdəsi altında ideal şəkildə gizlədə bilirlər. Beş-üç cızma qara
edib ona “sənət”, əsas da “kimsənin başa düşmədiyi sənət” adı verə bilərlər, məsələn.
Sanki, tabloda 3 ədəd dinozavr başlı əcaib
formada quşabənzər bir şey çəkərək hansısa ilahi, fəlsəfi mesaj verdiklərini
iddia edirlər. Hadi lan burdan. Maraqlı da izahları var. “Ay nə bilim mənə
ilham gələndə günlərlə depressiyada oluram, mən ümumiyyətlə təbiəti çox sevirəm,
boş vaxtlarımda kitabı oxuyub sonra onu düşünərək dənizə baxmağı xoşlayıram və
s.” Bütün bunları da facebookda status olaraq yazırlar. Qardaşım, məsciddə dua
edirsənsə, dua prosesindən şəkil çəkdirib qoymaq lazım deyil, vallah lazım
deyil.
“Sənin bədbəxtliyin
sənə aiddir, ona görə də çölə çıxanda gülümsə”
Səni bədbəxt günə qoyan bu cəmiyyət sonda sənə belə
deyir “Sənin bədbəxtliyin sənə aiddir, ona görə də çölə çıxanda gülümsə”-
kitabdakı bu fikir də təqdirəlayiqdir. Əslində cəmiyyətin bizə özümüz olmamaq
üçün verdiyi bəhanədir. Sanki sən bütün çətinliklərə baxmayaraq, xoşbəxt
olmasan belə, çölə çıxanda gülürsənsə, güclüsən, iradəlisən falan, filan. Heç
bir məna tapammadım. Siz tapdınızsa, yazın, bilək. Nə gərək var ki?! Kim üçün
gülməliyik? Yoxsa “hamı xoşbəxt olsun, sən olma” prinsipi üçün?!!!
İnsanlar çox
tələsirlər, amma hara tələsdiklərini bilmirlər
Bu yaxınlarda Teymur paşam yazmışdı ki, kasıb
adamın pulunun olmadığı aydındır, amma vaxtının olmaması yox. Ətrafa nəzər
salsaq görərik ki, məqsədsiz şəkildə harasa tələsən insanlar olduqca çoxdur.
Teymurlaşma prosesini keçən qlamurlar isə özlərini daim dəbi izləyən, həyatını
elmə, yüksək intellektə həsr edən görüntünü vermək üçün çox tələsirlər. Hansısa
teatrda onlara öz oturacaq yerini tapmamışdan əvvəl, mütləq şəkildə Wi-Fi
parolunu bilmək lazımdır ki, check-in etsin.
Həqiqət
topluluğa gəlmir, fərdə gəlir.
Bu fikir də maraqlıdır. Belə qlamur və qlamurkalar
fikir vermisinizsə, adətən daima narazıdırlar, sanki onlardan olsa, burada
yaşamazdılar, sanki onlara bu insanların arasında yaşamaq əzabdır, amma neynəsinlər,
məcburdurlar. Bir-iki hobbifason bir şey tapır, onlarla özlərini təsəlli etməyi
sevirlər. Və adətən də düzəlməsini istədikləri cəmiyyət üçün, danışmaqdan başqa
iş etmirlər. Ok, cəmiyyətimizdə çox çatışmazlıqlar var, bəs sən nə etmisən? Təhsil
almısan deyəcəksən, bəs onu necə istifadə etmisən, necə faydalı olmusan?
Cavabları belə olacaq – “məni burda başa düşmürlər!!!”
Səmimi edilən nifrət, qeyri-səmimi tərifdən olduqca
dəyərlidir. Hər şeydə məqsəd güdmək olmaz, əziz dostlar. Ən əsas da xoşbəxt
görünmək üçün yox, xoşbəxt olmaq üçün yaşamaq daha yaxşıdır, məncə. İttiham etməyin,
qaranlığı söyməyin, dəyərli qlamur və qlamurkalar, bir şam da Siz yandırın :)
Növbəti dəfə daha faydalı olmaq diləyilə...
Yazının müəllif hüquqları qorunmur, əksinə vəhşicəsinə pozulur !!!
Yazının müəllif hüquqları qorunmur, əksinə vəhşicəsinə pozulur !!!